Реклама
» » İslam dünyası böyük məzhəb müharibəsi astanasında:Azərbaycan da poliqon kimi seçilə bilər

İslam dünyası böyük məzhəb müharibəsi astanasında:Azərbaycan da poliqon kimi seçilə bilər

24-02-2017, 13:48
Cap edin
İslam dünyası böyük məzhəb müharibəsi astanasında:Azərbaycan da poliqon kimi seçilə bilər

"Biz bölgədəki problemlərin həlli üçün əməkdaşlığa çalışırkən, bəziləri bizə badalaq atır. Badalaq atmaq güclülərin işi deyil. Bölgə siyasətində uğur qazana bilməyənlər Trampın siyasətlərinə istiqamət vermək məqsədiylə ortalığı qarışdırırlar. Bunu İsrail etsə anlayardıq, amma qonşularımızdan belə bir davranışı gözləmirdik. "

Strateq.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif bildirib.

Zərifin bostanına daş atdığı ölkə isə Türkiyədir. Məlum olduğu kimi, Türkiyənin bir sıra rəsmiləri İranın əleyhinə fikirlər səsləndirmiş və qarşı tərəfin əks-reaksiyasıyla qarşılaşmışdılar. Bir müddət əvvəl prezident Rəcəb Tayib Ərdoğan körfəz ölkələrinə səfəri çərçivəsində Bəhreyində olarkən, İranın bölgədə “pers millətçiliyi” apardığını, İraq və Suriyanı parçalamağa çalışdığını bildirmiş və bunun qarşısının alınmasının vacibliyini vurğulamışdı. Daha sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qatıldığı Münhen Təhlükəsizlik Konfransında İranı ağ yuyub qara sərmişdi.

"İran Suriya və İraqı şiələşdirmək istəyir. Onu bölgənin sabitliyi və təhlükəsizliyi üçün bu cür hərəkətlərini sonlandırmağa çağırırıq” – sözləriylə Tehrana ultimatumabənzər sərt mesajlar göndərən Çavuşoğlunun bu açıqlaması vəziyyətin daha da gərilməsinə səbəb olmuşdu. İranın dini ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Vilayətidən tutmuş ölkənin siyasi rəhbərinə qədər bir çox rəsmilər də bu polemikaya qoşulmuşdular. Məsələylə bağlı ən son çıxış edən İran Xarici İşlər Nazirliyi sözçüsü Bəhram Qasimi də Türkiyə rəsmilərinin anti-Tehran ritorikasını yığışdırmasını gözlədiklərini, indiyədək səbrli davrandıqlarını, amma hər şeyin bir sərhəddinin olduğunu vurğulayaraq, rəsmi Ankaranı davakarlığa yox, əməkdaşlığa səsləmişdi. Ölkənin Xarici İşlər naziri Cavad Zərifin son xəbərdarlığı da əslində mübahisədənsə, əməkdaşlığa meylli məqamları ilə seçilirdi. O, Türkiyədə baş tutmayan 15 iyul hərbi çevriliş cəhdi zamanı Tehranın xeyli narahatlıq keçirdiyini Ankaraya xatırladır, qonşu üçün keçirdikləri “yuxusuz gecələr”inin halallığını tələb edirdi: "Onlar, görəsən, şiə olmayan hökumətləri üçün çevriliş gecəsi səhərə qədər yatmadığımızı xatırlamırlarmı? Bu çıxışlar sevgi və hörmət qarşısında qədirbilməzlikdir”.

Əslində Ankaranın aqressiv anti-İran mövqeyi və Tehranın daha yumşaq söyləmlərlə ona cavab verməyə çalışması səbəbsiz deyil. Əsas səbəb isə hər iki ölkədən həm coğrafi, həm də mədəni mənsubiyyət baxımından çox-çox uzaqlarda yerləşən məkandan qaynaqlanır. Son prezident seçkiləriylə siyasi hakimiyyəti ilə yanaşı Yaxın Şərqə baxışı da dəyişilən ABŞ administrasiyasının İrana qarşı kəskin mövqeyi Yaxın Şərqdə “şiə hilalı” strategiyasını həyata keçirməyə çalışan Tehranın rəqiblərinin aktivləşməsinə rəvac vermişdir. Cavad Zərif haqqında bəhs etdiyimiz açıqlamasında da “Bölgə siyasətində uğur qazana bilməyənlər Trampın siyasətlərinə istiqamət vermək məqsədiylə ortalığı qarışdırırlar” deyərkən, məhz bunu nəzərdə tutur.

Zərifin nöqteyi-nəzərindən məsələyə baxsaq, ortalığı qarışdıran ölkə tək Türkiyə də deyil. Rusiyanın Suriyaya hərbi müdaxiləsindən əvvəl regiondan onun əsas müttəfiqi olan və daha sonra “rus xofundan” qınına çəkilən Səudiyyə krallığı da artıq proseslərə aktiv müdaxilədən danışır, öz hərbi qüvvələriylə Suriyaya girə biləcəyini gündəmə gətirir. Krallığın Xarici İşlər naziri əl-Cubeyr Almaniyanın 'Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsi də bunun açıq şəkildə etirafıdır. Müsahibəsində radikal dini terror təşkilatıyla mübarizə üçün xüsusi yetişdirilmiş əsgərlərlə, hətta hərbi birləşmələrlə Suriyaya müdaxilə edə biləcəklərini vurğulayan nazirin fikrincə, bu, İŞİD-dən təmizlənəcək bölgələrin Hizbullah, İran və Suriya rejiminin əlinə keçməsini əngəlləmək üçün vacibdir.

Açıq şəkildə Suriyanın işğalı demək olan bu fikirlərin Rəcəb Tayib Ərdoğanın körfəz ölkələrinə səfərindən sonra gəlməsi düşündürücüdür. Baxmayaraq ki, Tehran da həmin səfəri laqeyd qalmamış, Ərdoğanla təxminən eyni vaxtda onun iranlı həmkarı Həsən Ruhani də körfəz turuna çıxmışdı. Körfəz turu çərçivəsində Ruhaninin Küveyt və Oman sultanlığı tərəfindən təmtəraqla qarşılanması İranın regiondakı gücünün düşünüldüyündən daha çox olduğuyla yanaşı, ərəb birliyinin də kiçik bir təmasa dözə bilməyəcək qədər şişirilmiş şara bənzədiyini göstərirdi. Bu həm də onu göstərirdi ki, İran və Türkiyə liderləri körfəz ölkələrində rahatlıqla özlərinə tərəfdar tapa və İslam dünyası getdikcə böyük məzhəb müharibəsinə doğru sürüklənə bilər.

Sual olunur: Böyük məzhəb müharibəsi nə qədər realdır və bu müharibə baş verərsə, kim qazanacaq?

Uzun zamandan bəri müxtəlif yazılarımızda bəhs etdiyimiz bu ehtimal, nə yazıq ki, artıq reallaşmaq üzrədir. Təkcə, ona görə yox ki, bunu ABŞ və İsrail istəyir. Həm də ona görə ki, beynəlxalq təcridlə üzləşən, iqtisadi və siyasi böhran keçirən Yaxın Şərq ölkələrinin rəhbərinə də əslində belə bir müharibə sərf edir. Böyük məzhəb müharibəsi həm iqtisadi narazılığın getdikcə artdığı region dövlətlərində vətəndaşların istər-istəməz rejimlər ətrafında daha sıx birləşməsinə, hakim elitanın hərbi vəziyyətdən istifadə edib öz hegemoniyasını gücləndirməsinə yol açır, həm də xaricdən gələn təhlükəni tamamilə başqa ərazilərə daşımalarına fürsət yaradır.

Üstəlik, seçilən başqa ərazilər regionun güclü dövlətlərinə həm də öz hesablaşmalarında özgələrin gücündən istifadə etmək imkanı verir. İran Suriyada və İraqda müxtəlif ölkələrdən gələn ligionerlər, yaxud yerli qüvvələr vasitəsilə vuruşduğu kimi (İslam İnqilab Keşikçiləri korpusundakı Əfqanıstandan batalyonları, Livanın Hizbullah təşkilatı, İraq və Suriya əhalisindən formalaşan Haşdi Şabi hərbi birləşmələri), Türkiyənin də bu sahədə Azad Suriya Ordusu və ya “mülayim müxalifət”in piyada gücündən faydalandığını görürük. Suriya və İraqın daha dəhşətli müharibələrə səhnə olması bu coğrafiyada yaşayanların istər-istəməz silaha sarılıb hansısa tərəfdə dayanmasını şərtləndirir ki, həm Türkiyənin, həm də İranın xaricdən gələ biləcək təhlükəyə qarşı özgələrdən canlı sipər çəkmək işini asanlaşdırır.

Növbəti sual ortaya çıxır: Əgər doğrudan da böyük məzhəb müharibəsi hər iki tərəfə sərfəlidirsə, niyə rəsmi Tehran AKP hökumətindən fərqli olaraq, daha mülayim ritorikaya üstünlük verir?

Bunun ilk səbəbi yuxarıda da vurğuladığımız kimi, ABŞ-da İranın əleyhinə olan hakimiyyət dəyişikliyi ilə bağlıdır. Digər səbəb isə Həsən Ruhani hökumətinin hakimiyyət maraqlarından qaynaqlanır. İslahatçı vədlərlə İran xalqının mandatını qazanan Həsən Ruhani iqtidarı Qərblə və ətraf ölkələrlə yaxın münasibətlər siyasətinə söykənərək, nailiyyətlər əldə edib və etməkdədir. Müharibə söyləmlərinin şiddətlənməsi, təbii ki, əks tərəfin arqumentini gücləndirir və nəticədə ortaya çıxacağı gözlənilən fövqəladə vəziyyət indiki hakimiyyətin tamamilə tənəzzülünü sürətləndirə bilər. AKP hakimiyyəti üçün isə belə bir problem mövcud deyil. Əksinə, məzhəbçi yanaşmalar və xarici təhlükənin artması təsəvvürü Türkiyə xalqının hakimiyyət ətrafında daha sıx birləşməsinə, ölkədə monorxiya meyllərinin artmasına gətirib çıxara bilər ki, bunu reallaşdıracaq referenduma cəmi ayyarım qalıb.

Yaxın Şərqin kəllə-kəlləyə gələn qüvvələrinin hesablaşmalarını öz sərhədlərindən kənara çıxarmağa çalışmaları onlarla coğrafi və mədəni bağları olan Azərbaycan üçün də ciddi nəticələr doğura bilər. Son zamanlar həm Türkiyəyə, həm İrana bağlı qüvvələrin məzhəbçi təbliğatlarını gücləndirməsi də bu təhlükədən xəbər verir və Yaxın Şərqdən sonra hədəf seçilən ikinci coğrafiyanın Azərbaycan olduğunu göstərir. İstər Azərbaycan xalqı, istərsə də ölkə rəsmiləri bu təhlükəli tendensiyanın qarşısını almağa çalışmalı, mənsubiyyətindən asılı olmayaraq bütün sekulyar qüvvələrin güclənməsini təmin edəcək islahatlara getməlidir. İstənilən xalqı siyasi aktivlikdən uzaqlaşdırıldıqca, xaricdən gələn dini təsirlərin altına daha asanlıqla düşür.

Heydər Oğuz
Strateq.az
dle

Səs Verin: