Реклама
» » "Mənim tanıdığım Nizami Göydərəli" - şair Zabil Pərviz qələmdaşı haqqında yazır

"Mənim tanıdığım Nizami Göydərəli" - şair Zabil Pərviz qələmdaşı haqqında yazır

13-06-2017, 07:04
Cap edin
"Mənim tanıdığım Nizami Göydərəli" - şair Zabil Pərviz qələmdaşı haqqında yazır
70-ci illərdə Azərbaycan ədəbi mühitində təzə imza göründü – Nizami Göydərəli!
Onun şeirləri az vaxtda tələbkar yaşlı nəslin də diqqətini özünə çəkdi. Ona “təcrübəsiz gənc şair” kimi baxa bilmədilər. Çünki bu cavan oğlanın şeirləri, mövzuları olduqca sanballı və ciddi idi. Hər misrasının, hər bəndinin xüsusi çəkisi, güclü poetik enerjisi və bədii siqləti vardı. “Məni qoymadılar şair olmağa”, “Sənin saçlarının zəli vaxtıdır” kimi misralar Nizami Göydərəlinin uğurlu poetik tapıntıları idi. Şeirləri axıcı, təbiətdən və həyatın özündən gəlirdi. Süni, boğazdan yuxarı misralar yazmaz, özünün inanmadığına oxucunu inandırmağa çalışmazdı. Bu səbəbdən onun qələm məhsulları oxucu yaddaşına ömürlük həkk olunurdu.

Nizami Göydərəlinin əvvəl şeirlərini, sonra isə özünü tanımışam. Tanıyanda gördüm ki, özü də şeirləri kimidi; Təbii, sadə və duyğusal! İllər göstərdi ki, Nizami Göydərəlinin poeziya yanğısı, ədəbiyyat sevgisi ötəri hisslərə bağlı deyil. Polisdə işləməsi, ciddi və ağır iş rejimində çalışması onun bu sevgisini azalda bilmədi. Hazırda o, çağdaş poeziyamızın ciddi nümayəndələrindən biridir.
İllər biz fərqində olmadan sürətlə gəlib, keçdi. Gənclik illərindən özünü və sözünü tanıyıb sevdiyim dostum Nizami Göydərəli 60 yaşına çatdı. Bu il gənclik dostumun 60 yaşı tamam olur. Bu münasibətlə dostum Nizami Göydərəlini təbrik edirəm. Ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm. İnanıram ki, o hələ daha gözəl şeirlərini bundan sonra yazacaq, daha sanballı kitablarını bundan sonra ortaya qoyacaq. Nədən ki, mənim tanıdığım Nizami Göydərəli elə 30-35 il əvvəl tanıdığım gənclik enerjisi və sevgisi ilə yazıb-yaradır. Yeri gəlmişkən, onunla hazırda tez-tez görüşməsək də tez-tez zəngləşib, söhbətləşirik. Bilirəm ki, hazırda yeni kitabını oxucuların ixtiyarına verməyə çalışır. Bu kitabda o, öz ömür yolunu romanlaşdırıb. Kitabın adını da elə bu cür müəyyənləşdirib; “Ömür romanı”! İnanıram ki, Nizami Göydərəlinin “Ömür romanı” bir çox ömürlərə işıq salacaq. Ayrı-ayrı insanlar, özəlliklə gənclər bu kitabdan özləri üçün çox şey götürəcək.
60 yaşın qutlu olsun, əziz dost!
Tanrının izni ilə 70-ində görüşənədək!

"Mənim tanıdığım Nizami Göydərəli" - şair Zabil Pərviz qələmdaşı haqqında yazır
















Zabil PƏRVİZ
şair-publisist
dle

Səs Verin: