DataLife Engine > Müsahibə, Manset, Mədəniyyət > "Təəssüf ki, həyatda aktyor olanlar daha çox şeylərə nail olur" - Rada Nəsibova

"Təəssüf ki, həyatda aktyor olanlar daha çox şeylərə nail olur" - Rada Nəsibova


13-01-2018, 06:30. Разместил: Namiq9 "Təəssüf ki, həyatda aktyor olanlar daha çox şeylərə nail olur" - Rada Nəsibova

“Mən xoşbəxt olanda anam da xoşbəxt olur, sevinir. Mən də istəyirəm ki, anam xoşbəxt olsun, sevinsin”

Aziya.info-nun müsahibi Azərbaycan teatr və kino aktrisası Rada Nəsibovadır.

Rada Ziyad qızı Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində doğulub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır.
Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 30-dan artıq filmdə və teatr tamaşasında rol almışdır.


- Salam. Xoş gördük sizi Rada xanım!

- Xoş görduk... Biz uzun müddətdi tanışıq, amma ilk dəfədir müsahibə edirik.

-Doğrudur. Görünür, bu günə qismətmiş. Gəlin bir qədər uşaqlıq illərinizdən danışaq. Necə keçib uşaqlığınız? Geriyə boylananda nələri xatırlayırsız? Kimləri unuda bilmirsiz?

- Uşaqlıq illəri insan həyatının ən gözəl illərdir. Qayğısızsan, hər kəs səni sevir, əzizləyir. Dünyanın pisliklərinden xəbərsiz, insanların yalanından uzaq, təmənnalı münasibətlərindən kənar bir ömür sürürsən...
Kaş həmişə uşaq qalaydım. İstər - istəməz zamanla yaşadıqların, gördüklərin səni də dəyişməyə məcbur edir. Soyuqqanlı olursan, inamsız olursan.
O qədər saf idim ki uşaqlıqda. Biri yıxılanda dizi qanayardısa buna görə həftələrlə ağlayırdım. Onun canı yanır deyə mənim də canım yanırdı.
Elə uşaqlıq dostlarım var ki, hər zaman gözümün önünə gələndə üzümdə guluş yaranır. Uşaqlıq oyunları, meyvə oğurlamağımız... (gülür) O qədər şeylər xatırlayıram ki...
O anlar, o insanlar xatirimdə silinməz və xoş izlər qoyub.
Məktəb illərim bir az ciddi olub... Oxumağa çox diqqət edirdim..
Hər gün dərslərimdən əlavə kitablar oxuyurdum.
Demək olar ki, bütün fənləri yaxşı oxuyurdum. Düşünəndə müəllimlərimi bir-birindən ayırmaq çətindi. Çünki hər biri o qədər ciddi idi ki, bütün fənləri məcbur oxuyurdum... Ədəbiyyat müəlliməmizin tədris etdiyi fənnə qəribə bir sevgisi var idi. Bu sevgi zamanla mənə də yansıdı.

- Bir də görürsən, hansısa şagird çox sevdiyi bir müəllimə görə məhz həmin müəllimin tədris etdiyi fənnin müəllimi olmağı qarşısına məqsəd qoyur və gələcəkdə bu sənəti seçir.
Siz də mi uşaqkən hansısa sənətçiyə olan sevginizə görə aktrisalığı seçdiz? Yanılmıramsa, o zamanlar həkim olmaq istəyirdiz.


- Uşaqlıqda həkim olmaq istəyirdim. Zamanla oxuduğum romanlar, izlədiyim filmlər, xüsusilə, Cəfər Cabbarli yaradıcılığı fikrimi dəyişdirdi. Oxuduqca hər obrazı hiss edirdim. Hər obrazın yaşantısını canımda hiss elədikcə onları yaşamaq, o hissi başqalarına çatdırmaq sevgisi məndə günü-gündən artırdı.
Yadımdadır ki “Mənim arzum” mövzusunda inşa yazılırdı. Mən bu inşada artıq gələcəkdə oynayacağım rollar haqqında yazırdım. Bu gün çətinliklərə baxmayaraq, bu sənəti seçməyimdən, aktrisa olmaqdan peşiman deyiləm.
Deməzdim ki, sırf hansısa aktrisaya baxıb sənətə gəlmək istəmişəm. Həmin ərəfələrdə ,,Mehriban düşmən” serialı yayımlanırdı. O serial da hardasa, aktrisa olmaq həvəsimi bir qədər alovlandırdı. O zaman təcrübəli bir adam mənə demişdi ki, filmlərdəki dəbdəbəli geyimlərə və həyata baxma. Onlar həyatda göründükləri kimi rahat və qayğısız yaşamırlar. Yəni bu sənət kənardan göründüyü kimi deyil, çətindir, ağrılıdır. Sonralar gördüm ki, həqiqətən elədir. Aktyor həyatı çox çətindir. Təbii ki, zamanla gördüm, başqa dövlətlərdə aktyor həyatı o qədər də çətin deyil. Ən şərəfli və ən prestijli sahələrdən biri sayılır, həm maddi, həm də mənəvi baxımdan. Bizdə maddi baxımdan aktyorlar və aktrisalar çox əziyyət çəkir. Üstəlik çox vaxt da qınaq obyekti olurlar.

- Ali məktəb illərini necə xatırlayırsız? Kimlərdən dərs aldınız, kimlərdən öyrəndiniz?

- Ali məktəbdə qiyabi təhsil almışam. O səbəbdən ki, paralel olaraq teatrda işləyirdim. Qiyabi təhsil aldığımız üçün müəllimlərimiz tez-tez dəyişirdi. Bununla belə unudulmaz müəllimlərim olub. Eyni zamanda böyük sənətkarlarla səhnəyə çıxmaq, onlarla tərəfmüqabili olmağın özü mənim üçün bir məktəb və müəllim olub.

- Səhnədə “yaxşı aktyor” olmaq, sənətçiyə alqış qazandırır və nüfuz gətirir. Bəs həyatda necə? Həyatda “yaxşı aktyor” olmaq insana nə qazandırır?

- Yaxşı aktyor olmaq, təbii ki, aktyora alqış qazandırır, nüfuz gətirir. Amma həyatda da aktyor olanlar var. Təəssüf ki, onlar daha çox şeyə nail olur. Bəlkə çoxları mənimlə razı olmaz ki, sonda hər kəs görünür, bilinir, tanınır – tam olaraq olduğu kimi. Amma bu həyatda gördüklərim onu göstərdi ki, yalanı mahircəsinə danışanlar, ikiüzlülük edənlər, üzdə dost deyib, arxadan zərbə vuranlar, sevirəm deyib yarı yolda qoyanlar, üzdə ağbirçək, ağsaqqal deyib hörmət etdikləri barədə arxada nalayiq fikirlər söyləyənlər, böhtan danışanlar, bir sözlə vicdanını satanlar daha çox şeylərə nail olurlar və çox irəli gedirlər. Əlbəttə, bu dediklərim hamıya şamil deyil. Mənim qarşıma pis insanlar çıxıbsa, hər kəs belədir düşüncəsində ola bilmərəm. Bilirəm, həyatda o qədər xeyirxah, gözəl insanlar var ki. Mən buna əminəm. Mənim də sınaqdan çıxan gözəl dostlarım var. İllərdən sonra tanıdım onları. Və indi xoşbəxtəm. İnsanı sınayandan sonra həyatına buraxsan gərək. Nədən ki, ilk görünüş aldadıcı olur. Bu səbəbdən gərək hər kəsi yaxın buraxmayasan. Yaxın buraxmayasan ki, sonra illərlə əzabını çəkməli olmayasan.

- Gələcəkdə hansısa tamaşanın ssenarisini hazırlamaq və bu ssenaridə məhz öz obrazınızı yaratmaq və oynamaq fikriniz varmı?

- Bu haqda düşünmüşəm. Amma tamaşa yox, film istərdim. Gələcəkdə dram janrında bir film çəkmək arzusundayam. Ssenarini isə yaxşı qələmi olan biri ilə birgə yazmaq istərdim. İdeya və süjet əslində beynimdə hazırdır. Allah nəsib eləsin.


- Rada xanımın yeni ildə planları, arzuları və bu ildən gözləntiləri nədir?

- Yeni ildə hər kəsə və eləcə də özümə birinci növbədə sağlam can, stressiz, əsəbsiz, hüzünlü, sakit həyat arzulayıram.

Qaldı planlarım... İstərdim işim o qədər çox olsun ki, istər film, istərsə də tamaşa olsun, başım çox sevdiyim sənətimlə qarışsın. Hə. bir də bu il özümə onu arzulayıram, o qədər xoşbəxt olum ki, qadın olduğum və qadın doğulduğum üçün hər gün Allahıma şükürlər oxuyum.
Özümə xoşbəxtliyi təkcə özümə görə diləmirəm. Bunları həm də anama görə deyirəm. Mən xoşbəxt olanda anam da xoşbəxt olur, sevinir. Mən də istəyirəm ki, anam xoşbəxt olsun, sevinsin.

- Səmimi söhbət üçün təşəkkür edirəm və sizə işlərinizdə uğur diləyirəm, Rada xanım!

- Cavablarım ürəyinizcə oldusa və bəyəndinizsə çox sevinərəm.


"Təəssüf ki, həyatda aktyor olanlar daha çox şeylərə nail olur" - Rada Nəsibova


"Təəssüf ki, həyatda aktyor olanlar daha çox şeylərə nail olur" - Rada Nəsibova

"Təəssüf ki, həyatda aktyor olanlar daha çox şeylərə nail olur" - Rada Nəsibova

















































Söhbətləşdi: Namiq Hacıheydərli
dle
Вернуться назад