Реклама
» » "Ermənistan birmənalı olaraq Rusiyanın idarəçiliyindədir" - Xaliq Səfəvi

"Ermənistan birmənalı olaraq Rusiyanın idarəçiliyindədir" - Xaliq Səfəvi

10-07-2017, 11:40
Cap edin
"Ermənistan  birmənalı olaraq Rusiyanın idarəçiliyindədir" - Xaliq Səfəvi

“Düşünürəm ki, Rusiya siyasiləri artıq secimlərini etməlidirlər”.

Politoloq Xaliq Səfəvi: – “Ya Türk dünyasını seçərək Ermənistanı dəstəkləməkdən vaz keçməli, ya da Ermənistanı seçərək Türk dünyasını qarşına almaqla nələri itirdiklərini və nələri itirəcəklərini düşünməlidir”.

Müsahibimiz Beynəlxalq Hüquq üzrə mütəxəssis, hüquq üzrə fəlsəfə doktoru,dosent Xaliq Səfəvidir.


-Xaliq müəllim, bir neçə gün öncə iki yaşlı Zəhra və onun nənəsi erməni canilərinin hücumu nəticəsində şəhid edildi. Bu da haqlı olaraq Azərbaycanın təpkisinə səbəb oldu. Bu hadisə Azərbaycanın onsuz da problemin həllində heç bir rol oynamayan ATƏT-in Minsk qrupundan imtina etməsi ilə nəticələnə bilərmi?


- İlk öncə Allahdan bütün şəhidlərimizə, o cümlədən bu körpə balamıza və onun nənəsinə rəhmət diləyək və ruhları şad olsun deyək. Çox təəssüf ki, mənfur erməni xislətinin, bəzi böyük dövlətlərin yardımı, Azərbaycanın o vaxtkı dövlət rəhbərlərinin yol verdikləri ciddi və taleyüklü səhvlərin nəticəsində üstü və altı sərvətlərlə dolu olan bu qədər ərazimiz işğal olundu və yağmalandı. O torpaqlarda yaşayan həmvətənlərimiz, millətimizin nümayəndələri yerlərindən, yurdlarından didərgin düşdülər. Alxanlıda baş vermiş hadisə aktiv müharibə dövründə olsaydı, bəlkə də başadüşülən olardı. Amma atəşkəs dövründə nəinki səngərdə olan əsgər, hətta cəhbə xəttindən arxadakı mülki əhali öldürülürsə bu çox ciddi bir hadisədir və bu qətiyyətlə pislənməli və hesabı sorulmalıdır. Məncə ilk növbədə öhdəsinə sülhməramlı missiyası götürmüş, amma burnunun ucundan kənara gedə bilməyən ATƏT-in Minsk qrupundan məsələyə münasibət öyrənilməlidir. Çünki bu təşkilatın işi demək olar ki sıfır dərəcəsindədir və buna artıq son qoyulmalıdır. Hesab edirəm ki, təkcə bu hadisə qeyd olunan təşkilatın qalmasına ehtiyac olub-olmamasını gündəmə gətirməlidir.

- Sizcə Alxanlı kəndində baş vermiş faciəli hadisəyə dövlət, siyasi institutlar və elə cəmiyyətimiz tərəfindən yetərincə reaksiya verildimi?

- Bilirsiniz, dövlət vətəndaşın yaşaması üçün yox, yaxşı yaşaması üçün, rahat, firavan və ən vacibi təhlükəsiz yaşaması üçün qurulur. Dövlətin borcudur ki, öz vətəndaşını daxili kriminagen ünsürlərdən qoruduğu kimi, xarici dövlətlərin hərbi təcavüzlərindən də qorusun. Ona görə də hakimiyyət bu məsələyə çox sərt reaksiya verməli və lazımi tədbirləri görməlidir. Bu baxımdan Azərbaycanda akkreditasiya olunmuş xarici media nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri çox lazımlı və düzgün tədbir idi. Xatırladım ki səfərdə TRT, "İhlas Haber Ajansı", "MİR" Televiziyası, "Associated Press", RİA "Novosti", "Amerikanın Səsi", "İnterfax", BBC və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi iştirak edirdi. Fikrimcə, dövlət üzərinə düşəni bacardığı qədər, mümkün olduğu qədər yerinə yetirməyə çalışır. Niyə bu qədər mümkündür, niyə dərhal müharibəyə başlamırıq və s., bunlar artıq başqa zamanın və başqa söhbətin mövzusudur. Ölkədə olan siyasi partiyaların, qeyri hökumət təşkilatlarının, cəmiyyətin fəal adamlarının, ziyalıların, və s. insanların real olaraq təşkilatlanmış bir formada etirazlarına az rast gəlindi. Məsələ burasındadır ki, bu institutlar dövlətdən daha çevikdirlər, onların dövlət qədər öhdəlikləri və məsuliyyətləri olmur. Onlar tam müstəqil olduqları üçün daha sərbəstirlər və ənənəvi “güclü dövlətlər buna nə deyər?!” basqısı onlar üçün yoxdur. Düzdür, bəzi beynəlxalq qurumlara müraciətlər olundu, bəyanatlar verildi, amma məsələn xarici dövlətlərin səfirlikləri qarşısında piketlər keçirilmədi. Yaxşı ki bəzi saytlar, media təşkilatları hadisəni beynəlxalq KİV-lərə çıxara bildilər. Cəmiyyətin etirazı isə, bir halı nəzərə almasaq, sosial şəbəkə səviyyəsindən o tərəfə keçmədi.

- Xaliq müəllim, sizcə nədir axı Ermənistanı bu qədər cəsarətləndirən ki, onlar hətta mülki əhalini də hədəfə alırlar?

- Bu cəsarətin yox, daha çox azğınlığın, təxribatın, məsuliyyətsizliyin və vəhşiliyin nümunəsidir. Yəni normallıqdan və insanlıqdan uzaq bir şeydir.Bilirsiz, Qarabağ hadisələri başlayandan Ermənistan havadarlarına arxayındır və onların diktəsilə də hərəkət edir. Tam aydındır ki, bu ölkə bir mənalı olaraq Rusiyanın idarəçiliyindədir və başa bəla böyük qardaşının lazımsız, təhlükəli oyunlarına qurban gedir. Ermənistan nəinki Rusiyanın porfostudur, hətta Rusiyanın Qafqaz siyasətində, Azərbaycan və Türkiyə ilə münasibətlərində “istifadəyə az yararlı” bir alətdir. Ermənistanın “cəsarətlənməsi” yalnız bu dəstəyə görədir.

- Bu günlərdə Azərbaycan və Rusiya XİN-ləri arasında ciddi bəyənat krizi yaşanır. Sizcə, bu problem nədən yarandı və həlli yolları nələrdir? Necə düşünürsünüz, Rusiya ictimaiyyəti Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münasibətlərində kimin yanında olmalıdır: işğalçı Ermənistanın, yoxsa bütövlükdə Türk dünyasının?

- Çox təəssüf ki, Rusiya Çar İmperiyasından bəri davam edən şovinist siyasətindən əl çəkmir. Rusiya SSRİ dövründən bəri elə bir siyasət yürüdür ki, artıq onun bir başa dost adlandıracağı bir dövlət də qalmayıb. Bu ölkə yaxın qonşularına ancaq problem yaratmaqla məşğuldur. Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan birbaşa Rusiyanın şovinist, irticaçı siyasətinin ağrıların çəkirlər. Azərbaycan hökumətin yürütdüyü qardaşlıq və əməkdaşlıq siyasətinə baxmayaraq, təəssüf ki rəsmi Moskva bizə qarşı da eyni siyasəti yürüdür. Əsasən mədəniyyət və idman sahələrindəki əməkdaşlıqları nəzərə almasaq ölkələrimiz arasında ciddi siyasi qarşıdurma var və qeyd etdiyiniz bəyanat böhranı elə bundan qaynaqlanır. Bu problemin tək həlli Rusiyanın iddialarının azalması, qonşu dövlətlətlərin işlərinə qarışmaması, təzyiq siyasətindən əl çəkməsidir. Qeyd edim ki, Rusiyanın Qarabağla bağlı Ermənistana dəstək verməsi ilk növbədə Rusiyanı digər türkdilli dövlətlərlə müsbət əlaqələr qurmasına da kölgə salır. Əgər Rusiya Ermənistanı dəstəkləməsə, onun türkdilli dövlətlərlə münasibətləri daha yaxşı və qarşılıqlı etibar əsasında daha perespektivli olar. Yoxsa bu siyasət bütün türk dünyasının qapılarını Rusiyanın üzünə bağlayacaqdır. Ona görə də, yaxşı olardı ki, rəsmi Moskva böyük Türk dünyasını seçsin, nəinki forpostdan o tərəfə keçməyən perspektivsiz bir ölkəni. Məncə Rusiya ictimaiyyəti, düşünən beyinləri artıq bunun fərqindədir.

- Ermənistan həm Aİ, həm ABŞ, həm də Rusiya ilə siyasi oyunlar oynayır. Sizcə Aİ və ABŞ uzun illərdir Rusiyanın forpostuna çevrilən Ermənistana inanırmı və inanacaqmı?

- Əsla, Ermənistan bütün mənalarda perspektivsiz bir ölkədir və bu ölkə gec tez əksər sferalarda məğlub duruma düşəcəkdir. Bu, qayıq səviyyəsində olan bir ölkə yalnız yaxınlarda okeanın dibinə qərq olacaq nəhəng bir gəmiyə, Rusiyaya söykənib. Deməli onun batacağı şübhəsizdir və bunu yaxında Ermənistanda fəaliyyət göstərən siyasi partiyaların deputat olan xanım üzvlərindən biri, Ermənistan Parlamentində çox açıq formada etiraf da etdi. O ki qaldı dünyada olan erməni lobbisinə, onlara güvənmək düz deyil. Çünki dövlət beş nəfər milyarderin hesabına uzun müddət ayaqda dura bilməz, onun dünya ilə sintezdə olan fundamental siyasi və iqtisadi əsasları olmalıdır. Ona görə də hesab edirəm ki, Aİ və ABŞ Ermənistanın bu durumunu yaxşı bilir və düşünmürəm ki, onlar uzun illərdir Rusiyanın forpostuna çevrilən Ermənistana inansınlar və hər hansı yerli və ya regional siyasətdə ona “stavka” etsinlər.

Aziya.info
dle

Səs Verin: