Реклама
» » "...Heç bilmədim bu ömür hardan gəldi, hardan getdi" - Musa Yaqub

"...Heç bilmədim bu ömür hardan gəldi, hardan getdi" - Musa Yaqub

10-05-2017, 13:26
Cap edin
"...Heç bilmədim bu ömür hardan gəldi, hardan getdi" - Musa Yaqub
Ondan 65-də də yazmışam, 75-də də, indi də 80-in kürəyini yerə vurur. Həmişə də arzulamışam ki, qismət olsun onun adının qarşısında “Xalq şairi” fəxri titulunu qeyd edim. Amma bu bir oxucu kimi hələ də arzu olaraq ürəyimdə qalıb. Sevilən şair, şeirləri ağızdan-ağıza əzbərlənən Musa Yaqubu deyirəm, bu gün 80 yaşını qeyd edir;


– Gəlib çatdınız bu yaşa, necəsiz şair?


– Vallah, hələ 80-ni bu gün tamamlayıram; bilmirəm, 81 mənə düşərli olacaq, ya yox?! Onu bir Allah bilir. Amma heç bilmədim bu ömür hardan gəldi, hardan getdi. Deyirlər, bu dünya bir pəncərədir, amma heç pəncərədən baxmağa macalım da olmadı. Bir onda gördüm ki, artıq 80 illik bir yolun yolçusuyammış.

Hansı yaşınızı daha çox sevmisiniz?

– Fərqi olmayıb. Yaş elədir ki, 50-yə çatanda deyirsən nə tez gəlib bu yaşa çatdım, 60-70-də elə. Məsələ var ki, yaşa dolanda daha heç nə eləyə bilmirsən, eləyə bilmədiklərin səni yandırır.

– Amma eləyə bilmədiklərinizin əvəzini yəqin şeirlərlə çıxırsınız? Yeni yaşınızda yeni şeirlər doğuldumu?

– Doğuldu və hələ də doğulur. Silsilə şeirlərim çap olundu, “İndi bildim nağıldı” adlı kitabım da işıq üzü gördü.

– Musa Yaqub öz ömrünü nağıla bənzədirmi?

– Tək mənim yox, elə hər kəsin ömrü bir nağıla bənzəyir. Ömür elə gəlib keçir ki, yaşadıqların nağıl kimi yadında qalır.

– Bu gün nədən ilham alırsınız, sizi təbə gətirən nədir?

– Elə özümdən, xatirələrimdən, yaşantılarımdan, təsəllimdən.

– Amma əvvəllər şairlərin ilham pərisi qadın olub.

– Mən elə həmişə şeirlərimi məhəbbətlə yazmışam. İndi də belədir.

– Bir dəfə mənə demişdiniz ki, son vaxtlar şeir yazmağa qorxuram, elə bilirəm bu dəqiqə mənə nəsə olacaq. O həyəcan yenə var?

– O həyəcan bilirsiniz niyə olurdu, qorxurdum ki, indi yazdıqlarımı bəyənməzlər. Amma o şeirləri oxuyanlar mənə deyir ki, keçmişdə yazdıqlarınızla indiki yazdıqlarınız arasında fərq yoxdur.

– Oxucularınızdan heç narazı qaldığınız məqamlar olub?


– Heç vaxt. Bəlkə də mənə kimlərsə xəyanət edə bilər. Amma heç vaxt oxucularım mənə nə xəyanət etməyib, nə də tək qoymayıb. Onlar həmişə məni oxumaq və görmək arzusunda olub. Hətta gənclər də məni çox istəyir, evimə gəlib, söhbətləşirlər.

– Yubileyinizdə kimin xiffətini çəkirsiniz, arzulayırsınız ki, kaş bu yaşımda yanımda olaydılar…

musa1– Gedən dostlarım var, xoş xatirədir. Xatirəyə çevrilən dostlarım üçün darıxıram.

– Bu yaşınızda heç Allahdan möhlət istədinizmi?

– Allahdan bir istəyim var, canımı birdən alsın, qəfil ölüm.

– Ölümdən danışmayaq, deyin görək Allahdan ən böyük hədiyyənizi nə vaxt almısınız?

– Gəlib 80 yaşa çatmışamsa, demək ki, Allah mənə hədiyyəsini hazırlayıbmış. İndən belə nə qədər yaşasam, bu da Allahımın lütfüdür. Hər adam bu yaşa qədər gəlib çıxa bilmir.

– Heç sirləriniz varmı?

– Sirsiz adam olmaz. Mənim də sirlərim var, onları özümlə qəbrə aparacam.

– Sirri daşımaq ağırdır axı?

– Adətən, qadınlar sirr saxlayan olur. Amma kişilər sirr saxlamağa o qədər də güclü deyil. Zəif olurlar və sirlərini paylaşırlar. Mən də sirlərimin yarısını danışmışam, yarısını özümdə saxlamışam.

– Dostlarınızdan təbriklər aldınızmı?

– Şairlərin dostluğu örtülü olur. Bir də görürsən hansınınsa başı şeir yazmağa qarışır, görüşməyə vaxtı olmur. Ya da sənin başın şeir yazmağa qarışır, dostlarla görüşün baş tutmur. Sağ olsunlar, heç birindən narazılığım yoxdur.

Cəvahir Səlimqızı
Yeniçağ.az
dle

Səs Verin: