Реклама
» » Epizodik, amma yaddaqalan obrazlar yaradıcısı

Epizodik, amma yaddaqalan obrazlar yaradıcısı

31-03-2017, 19:54
Cap edin
Epizodik, amma yaddaqalan obrazlar yaradıcısı
Aktyor Bahadur Əliyev bütün rollarını sevə-sevə oynayıb

Kino tariximizdə elə aktyorlar var ki, özünü bütünlüklə sənətə həsr edib, onunla yaşayıb. Belə sənətkarları tamaşaçılar da, sənət yoldaşları da qəlbən sevib, dünyadan köçəndən sonra da xoş xatirələrlə yad edirlər. “Ulduz” filminin məşhur qəhrəmanı - kolxoz sədri Qədir obrazını yaradan Bahadur Əliyev kimi.
1934-cü ildə Masallının Sığıncaq kəndində anadan olan Bahadur Əliyev Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 50 ilə yaxın “Azərbaycanfilm” kinostudiyasında çalışıb, 2002-ci il sentyabrın 16-da vəfat edib.
O, sənət naminə ən epizodik rollara belə qane olurdu. İrili-xırdalı 80-dək filmdə rol alıb, səsləndirilməsində iştirak edib. Sənətkarın “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (Bəy) və s. filmlərdə yaratdığı obrazlar bu gün də baxılır, sevilir. O, SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmində oynayıb, Orta Asiya respublikalarında bir çox filmlərə dəvət alıb. Özbəklərin sevilən “Şerəli və Aybərçin” filmində əsas obrazlardan birini canlandırıb.


Sənət və ailə

Bahadur Əliyev istedadlı və cəfakeş aktyor olub. İstər ailə üzvlərinin, istərsə də sənət dostlarının xatirələrində o, şən, fərqli xarakterə malik insan kimi qalıb. Çəkildiyi filmlərə nəzər salanda görmək olur ki, onun üçün rolun böyüyü, kiçiyi olmayıb. Aktyor həmişə yaratdığı obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışıb. Sadə, epizodik obrazlardan başlamış, baş qəhrəmana kimi bütün rollarını sevərək yaradıb.
Aktyorun qızı Şəhla Əliyeva ilə söhbətimiz zamanı onun ömür yoluna nəzər saldıq. Həmsöhbətim deyir ki, həyatdakı Bahadur Əliyev ilə kinodakı obrazları bir-birini tamamlasa da, evdə, ailədə, uşaqların tərbiyəsində çox ciddi idi. Bir də axı incəsənət sahəsində çalışan insan üçün 10 uşaq sahibi olmağın özü də böyük bir hünər sayıla bilər...
Şəhla xanım atasını çox həyatsevər insan kimi xarakterizə edir: “Mən uzun müddət kinostudiyada montaj sexində çalışsam da, atamla birgə işimiz olmayıb. 1985-ci ilə kimi atam filmlərə çəkilirdi, dublyajda çalışırdı. Sonradan kino sahəsində yaranan durğunluq onu sanki həyatdan və sənətdən küsdürdü. Hətta bir müddət sənət dostlarının bəziləri də onu yaddan çıxardı. O dövrdə bir televiziya verilişində yaşadığı halda onun ölüm xəbərini demələri atama çox pis təsir etmişdi. Ölümündən sonra isə zəng edib onu axtarmağa başladılar. Həyatın qəribəliyi, təzadları budur, məncə. Mənim kinostudiyada çalışmağım da bir təsadüf idi. O, bizim sənətə gəlməyimizə razı deyildi. Bəlkə də çətinlikləri görmüşdü o səbəbdən istəmirdi. Bu gün Azərbaycanda onun obrazlarını sevməyən tamaşaçı tapmaq olmaz. Söhbətlərimizdə hər zaman deyirdi ki, mən öz sənətimlə 10 uşaq böyütmüşəm. Bircə nisgilimiz odur ki, atam sənətdən küskün getdi”.

“Dublyajın vuran ürəyi”

Uzun illər Bahadur Əliyevlə bir yerdə çalışmış aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov da sənətkarı işıqlı xatirələrlə yad etdi. Bildirdi ki, B.Əliyevi daha çox “Ulduz” filmində kolxoz sədri Qədir rolu ilə tanıyırlar. Kimin yanında desən, hər kəs bu obrazı xoş hislərlə xatırlayacaq: “Qəribə, özünəməxsus gülüşü var idi. Gülüşü ilə daha da pozitivlik yaradırdı. Çox əliaçıq, həyatsevər, əxlaqlı insan idi. Mən kinoya gələndə o artıq kinostudiyada çalışırdı. Kinostudiyanın bütün işlərində yaxından kömək edərdi. Hətta işə təzə gəldiyim vaxtlarda çaşıb qalırdım. Təxmin edə bilmirdim ki, Bahadur dublyajda administratordur, hansısa filmdə assistentdir, yoxsa aktyordur. O qədər mehriban və yardımsevər, yeri gələndə sözünü deyən, bütöv insan idi. Təkliyi sevməzdi. Əgər onu harasa dəvət etsəydilər, o dəqiqə soruşardı bəs bunlar - ətrafındakı dostlarını göstərərdi. İnsanlarla ünsiyyətdə olmağı sevirdi”.
Müsahibim deyir ki, kinostudiyanın dublyajında Bahadur Əliyevin əvəzsiz xidmətləri var: “Bir müddət dublyaj sexinin direktor müavini işlədi. Aktyor kimi çəkildiyi rolların əksəriyyəti epizodik olsa da, yaddaqalan, sevilən obrazlardır. Orta Asiyada da filmlərə çəkilib. Hər dəfə onu dəvət edəndə kinostudiyada aktyorlar elçimiz getdi deyərdilər. Çünki orada bizimkiləri necə təbliğ və təqdim edirdisə, ardınca mütləq bir neçə aktyor da dəvət olunurdu. Kinostudiyaya gələn qonaqları da çox vaxt ona həvalə edərdilər. Bilirdilər ki, hər kəsi düzgün qiymətləndirməyi, kimi necə və harada təqdim etməyi gözəl bacarır... Mən niyə ilk növbədə onun dublyajdakı fəaliyyətindən danışdım. Çünki onun sayəsində teatr və kino işçiləri bir araya gəlib bir-birindən öyrənirdilər. Bu insanlar bir-birinə dəstək olurdular. Bahadur dublyajın vuran ürəyi sayılırdı... Elə aktyorlarımız var ki, fiziki ömürləri qısa olsa da, istedadları və sənətdə qoyduqları izlə əbədi ömür qazanıblar. Bahadur Əliyev də onlardan biridir”.

“Bərəkətli Bahadur”

Elxan müəllim deyir ki, B.Əliyev 10 uşaq atası olsa da, heç nədən şikayət etməzdi: “Bərəkətli Bahadur” ifadəsi də elə buradan yaranmışdı. Çünki ailəsinin böyük olmağına baxmayaraq, həmişə dostları evinə dəvət edər və süfrəsi açıq olardı. Hər kəsə kömək edirdi, özünə çatanda heç kimə bir kəlmə də deməzdi. Sovetlərin dağılması, Azərbaycanın keçirdiyi çətin illər kino sənətinə də təsirsiz ötüşmədi. Kinonun bu çətin vəziyyəti ona pis təsir etmişdi. Həmin vaxt biz bir çox kino xadimlərimizi itirdik. Bahadur da bu arada diqqətdən kənarda qalan, unudulanlardan oldu. Bu gün Azərbaycan kinosunda ondan yaratdığı obrazlar, şirin xatirələr qalıb. Çox şadam ki, siz də bu gün işıqlı xatirəsini bir daha yad etdiniz, gənc nəslin onu tanımasına şərait yaratdınız”.

Lalə Azəri
dle

Səs Verin: