Реклама
» » “Ağsaqqal” - Hekayə

“Ağsaqqal” - Hekayə

21-02-2017, 21:37
Cap edin
“Ağsaqqal” - Hekayə

“Bazarbank”ın müdiri ətirləndikdən sonra barmaqları ilə çənəsini yoxladı. Səhər üzünü qırxmaması elə də hiss olunmurdu. Diyircəkli kreslosunu sağa döndərib, yan tərəfdəki telefonun düyməsini basdı. Katibə dodaq boyasını çantaya atıb tez dəstəyi qaldırdı.

– Buyurun, Qadir müəllim, eşidirəm.

– Qəbulda kim var ?

Müdirin zabitəli sorğusuna katibə mülayim səslə cavab verdi:

– İki nəfərdi. Biri Şakir müəllimdi, o biri də….

Müdir qızın sözünü ağzında qoydu:

– Şakir gəlsin.

Şakir müəllim yenidən güzgüyə baxdı. Sağ əli ilə telinə sığal çəkib, özünü düzəltdi. Qapını döyüb, “buyur” işarəsi gözləmədən içəri keçdi. Müdir ayağa qalxıb Şakir müəllimi böyük şövqlə qarşıladı.

– Ay səni xoş gördük, əziz qardaş! Necəsən? Nə var, nə yox? Ağsaqqal necədi?

– Yaxşıdı, Qadir müəllim. Sizə də salamı var.

– Sağ olsun. Allah onu var eləsin. Allah onun kölgəsini üstümüzdən heç vaxt əskik eləməsin .

– Əlbəttə, qardaş. O olmasaydı, indi biz kim idik ki?

– Elədi, qardaş, elədi, – deyə, müdir həm sözlə, həm də baş hərəkəti ilə təsdiqlədi.

Şakir müəllim aradakı ani sükutdan istifadə edib, yubanmadan əsas məsələyə keçdi:

– Qadir məllim, Sizin vaxtınızı çox almayım. Deməli, mühasiblə də, mühəndislə də danışdım. Sizin təklifinizə elə bir iradım yoxdur. Ancaq gərək bir işdə bizə köməklik edəsiniz.

– Buyurun, mən hazır, – Qadir müəllimin sifətində xeyirxah, işgüzar bir ifadə oxundu.

– Bilirsiz, Qadir müəllim, bir-iki yer var, indidən ağzını açıb bizi gözləyir. Deyirəm, əvvəldən pulun başına daş salsaq, axırda o biri obyektlər kimi bu bina da yarımçıq qalacaq, yük olacaq peysərimizdə. İcazə verin, sizə çatacaq məbləği ikinci “tranş”da ödəyək.

Bu gözənilməz təklifdən, sanki, müdirin başına bir qazan qaynar su tökdülər. Elə bil dalağı sancdı, içində qəribə, indiyə qədər müşahidə etmədiyi sancı baş qaldırdı. Yerində qıvrılıb baxışlarını stoldan ayırmadan, ağır-ağır dilləndi:

– Bilirsən, nə var, Şakir? Məsələ sən fikirləşdiyin qədər də sadə deyil. Mən sənə bu pulu öz cibimdən vermirəm ki, istədiyim kimi hərəkət edim. Mənim heç nəsli-nəcabətim yığışa, o qədər pulu bir yerə toplaya bilməz. Hər yerin öz haqqı var. Mən gücüm çatmayan yükün altına girə bilmərəm. Gərək bağışlayasan. Qaldı o biri məsələyə, axı indiyə kimi hansı borclunun xətrinə dəymişdilər, qalmışdın sən? Uzağı, tikintini yarımcıq vəziyyətdə təhvil verəcəksən bizə, vəsallam.

Şakir müəllim işini aşırmaq üçün yumşaq səslə dedi:

– Sizi başa düşürəm, Qadir müəllim. Ancaq unutma ki, bu ağsaqqalın təklifidi, mənim yox. Deyirdi ki, Qadir pis oğlan deyil. Yəqin ki, ora necə düzəldiyini də yaddan çıxarmayıb.

Qadir müəllim bilərəkdən özün elə göstərdi ki, guya çox narahat oldu:

– Allah eləməsin, ay Şakir. Mən çörək itirən adam deyiləm. Ancaq sən də vəziyyəti başa düş. Bu, mənə aid olan məsələ deyil.

– Bəs, onda nə edək? Ağsaqqala nə deyək?

Müdir vəziyyətdən çıxmaq üçün tam səfərbər olmaq qərarına gəldi:

– Bilirsən, Şakir, and olsun o bir olan Allaha ki, məndən başqa heç bir köpəyoğlu bu məsuliyyətin altına girməz. Mən boynumu baltanın altına qoyub bu işə gedirəm. Özün deyirsən, bunu təcili edək ki, bilmək olmaz, sabah nə olacaq. O biri tərəfdən də heç bir sənədin, girovun-zadın yox. Bir dənə layihə verəcəksən – kağız parçası, onu da ki, Allah bilir, nə vaxt. Vallah, mən bundan artıq heç nə edə bilmirəm.

Bu cavab Şakir müəllimi qane etmədi. Odur ki, yenidən müdiri sıxmaq qərarına gəldi:

– Deməli, ağsaqqalın sözünü yerə salırsan?

Müdir vəzifəsini itirəcəyindən qorxub, bu “tikanlı paz”dan canını qurtarmaq üçün bazarlığı davam etdirmək məcburiyyətində qaldı:

– Bəlkə belə edək, ay Şakir? Yarısını indi verəsən, yarısını da ikinci 10 milyonu alanda.

Şakir müəllim istədiyi nəticəni ədə etdiyi üçün söhbəti çox uzatmadı:

– Eybi yoxdur, olsun, mən razı. Yəqin ki, ağsaqqal da etiraz etməz. Pulu indi götürə bilərəmmi?

– Sabah nahardan sonra gələrsən. Pul probemi yoxdur. Gərək formal da olsa, bir-iki sənəd hazırlayıb bu işə qanuni don geydirək ki, ağzıgöyçəklər orda-burda artıq-əskik danışmasınlar. Əsas odur ki, səs çıxmasın.

– Oldu, qardaş. Onda icazə ver, mən gedim.

– Sağ-salamat, sağ-salamat. Allah xeyr versin. Ağsaqqala məndən salam deyərsən.

Şakir müəllim kefikök halda otaqdan çıxdı. Hədiyyəsini əvvəlcədən alan katibə onu gülərüzlə yola saldı. Sonra müdirə aid telefonun dəstəyini qaldırıb nazlanaraq dedi:

– Qadir müəllim, Səfər müəllim gəlsin?

– Səfər kimdi, ay qız?!

– Səfər Küskün… “Vicdan” romanı… Yazıçı…

– Səfər-məfər tanımıram. Onu içəri kim buraxıb? De ki, vaxtı yoxdu.

İşi başdan aşır. Getsin, bir aydan sonra gələr.

– Qadir müəllim, dünən Sizi calaşdırdım, danışdız. Yazıçıların müdiri xahiş etmişdi.

– Hə, hə, düz deyirsən. Yadıma düşdü. Nə istəyir?

– On min.

– De, gəlsin.

Yazıçı içəri keçib salam verdi. Müdir xüsusi əda ilə:

– Əleykümə-salam, Küskün müəllim. Eşidirəm Sizi. Buyurun.

– Bilirsiz də, sizə demişdilər. Qızı köçürməliyəm. On min manat pul lazımdır. Allah qoysa, iki ilə qaytaracağam.

– Birdən qaytarmadın, onda necə?

– Elə şey olar? Qaytaracağam! Evin yanında işə də düzəlmişəm. Mağazada gözətçi… Hər ay təqaüdlə bərabər maaş da alacağam. Düzdür, indi toyda restoranlardan bir şey saldırmaq olmur. Ancaq Sizə söz verirəm ki, özümü toparlayıb, iki ilin içində borcun belini qıracağam.

Müdir Səfər müəllimdəki dirənişi görüb dedi:

– Girovun nədir?

– Iki otaqlı evim, qardaş. Əhmədlidə.

– Qorxuram, sənə sərf etməyə. Bizdə faizlər çox yuxarıdı.

– Olsun, qardaş, eyb etməz. Onsuz da başqa çıxış yolum qalmayıb. Qız üç ildi nişanlıdı. Sizə güvənib, toyun vaxtını da təyin etmişik.

– Şair qardaş, düzü, biz krediti yalnız bacarıqlı iş adamlarına veririk. Müstəsna hal kimi sizə kömək edərik. Ancaq gərək bura daha üç nəfər gətirəsən ki, sənə zamin dursunlar. Əgər Allah eləməmiş, özünüzün, ya evinizin başına bir iş gəlsə, onlar gətirib həmin pulu ödəməlidirlər.

– Ay bala, mən o adamları hardan tapım? Məgər siz mən boyda kişiyə inanmırsız ?

Müdir səsinin tonunu qaldırdı:

– Küskün müəllim, siz ki oxumuş adamsınız, niyə başa düşmürsünüz? Bu dövlət yiyəsiz deyil ki, gözünü yumub hər yoldan ötənə pul verəsən! İnan ki, bir qəpik o yan-bu yan ola, adamın atasını yandırarlar.

Səfər müəllimin deməyə sözü qalmadı. Pərt halda başını aşağı salıb kor – peşman otaqdan çıxdı. Katibəyə “sağ ol” deməyi belə unutdu.

Dərdin ağırlığından ayaqlarını ata bilmirdi. Cilova gəlməyən düşüncələri beynini didib parçalayırdı. Ürəyini göynədən dəhşətli ağrıya məhəl qoymadan irəliləyirdi. Evdə qızına nə deyəcəkdi? Həyat yoldaşına nə cavab verəcəkdi?

Ağır düşüncələr içərisində hara getdiyinin fərqinə varmadan, piyada keçidi olmayan yerdən yola çıxdı. Böyük sürətlə gələn avtomobilin sürücüsü qarşısındakı adamı görüb, bir anlığa çaşsa da, son anda özünü toparlayıb var gücüylə əyləcə basdı. Dəhşətli uğultu ətrafdakıları qeyri-ixtiyari olaraq, hadisə olan tərəfə dönməyə məcbur etdi…



Aləm Kəngərli
dle

Səs Verin: